aze | rus | eng



Martın 4-də Muzey Mərkəzinin qalereyasında Mədəniyyət və Turizm Nazirliyi, Muzey Mərkəzi, Milli Musiqi Şurası və “Kukla” Art qalereyası tərəfindən təşkil olunan “Gözəllik nuru” layihəsinin növbəti təqdimat mərasimi keçirildi. 8 mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş sərgi və konsertin birgə sintezi şəklində təqdim edilən “Gözəllik nuru 2016” layihəsi bahar dirçəlişinin qadın obrazında təcəssümünü ehtiva edir.  Tədbirdə iştirak edən Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev Azərbaycan qadının mədəni-ictimai həyatdakı rolundan danışıb, bayram münasibəti ilə qadınları təbrik etdi.  Bildirildi ki, son illərdə ölkə rəhbərliyinin, həmçinin, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə mədəniyyətin bütün sahələrində dönüş və irəliləyişin şahidiyik. Ölkəmizdə keçirilən Beynəlxalq müsabiqə və festivallarda xanım sənətkarlarımızın da uğurlarını görə bilirik. Gələcək nəslin vətənpərvər tərbiyəsində qadınlarımızın rolu əvəzsizdir. Hər bir gəncin doğru-düzgün əxlaqı, inkişafı məhz zərif ana çiyinlərinin üzərinə düşür. Ədalət Vəliyev bütün qadınları 8 mart Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edərək can sağlığı arzuladı.

“Gözəllik nuru” incəsənət layihəsi qadınların incəsənət və həyatdakı rolu ideyasına həsr olunub. Bahar fəslinin gəlişi ərəfəsində gerçəkləşən layihə həm də qadın və təbiət bir-birinə doğma edən həyatın  başlanğıçının rəmzidir. Art-layihədə təsviri sənət və musiqinin vəhdəti tərənnüm edilir. Qadın kainatın rəngarəng gözəlliyini tərənnüm edərək, incə ştrixlərlə Azərbaycan rəssamlarının sənət əsərlərinə nüfuz edir.

Sərgi-konsert kimi təqdim edilən layihədə Bülbül adına orta ixtisas məktəbinin şagirdlərinin təqdim etdikləri bir-birindən maraqlı musiqi nömrələri tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı. Konsertdə məktəbin şagirdləri Çinarə Əzimova, Cəmilə Əsgərzadə, Rəşid Behbudov, Canel Nəcəfli, Sona İsgəndərli, Səid Bağırzadə, Aydın Zeydullayev, Elxan Niftiyev, Nərminə İsmayılova, Nicat Bağırov çıxış etmişlər.



Photogallery


Copyright © 2012. All rights reserved. Site designed by leading web studio lider.az